atleticomadridbarcelonaantoinegriezmannlamineyamalucl

Remontada olmadı, Atletico son dördlükdə

15 Aprel 20266 dəq.94 baxış
Remontada olmadı, Atletico son dördlükdə
Turun ilk matçında azlıqda qalaraq, doğma meydanında Atletico Madrid’ə 2-0 hesabı ilə məğlub olan Barcelona cavab oyununa “Remontada”, yəni geridönüş inancı ilə yollanmışdı. Metropolitano'da gecəyə tam da istədiyi kimi başlayan Katalonlar yenə oxşar bir ssenari nəticəsində bu mövsümlük Çempionlar Liqası mübarizəsini dayandırmış oldu. Digər tərəfdə isə Diego Simeone’nin komandası yarımfinala yüksələrək, adını son 4 komandanın arasına yazdırdı. Bu yazımızda həm görüşə dair yadda qalan anlardan və qırılma nöqtələrindən, həm də iki komandanın gələcəyindən bir qədər bəhs edəcəyik.

Olduqca gərgin keçən qarşılaşmanı xüsusi dəvət əsasında ölkəmizdəki Barcelona azarkeşlərini bir araya toplayan Penya Blaugrana fan-klubu ilə birgə izləmə fürsəti əldə etmişdim. Onlarla Barcelona formalı azarkeş arasında tərəfsiz biri kimi “imposter” təsiri bağışlasam da, bu atmosferdə belə vacib bir oyunu izləmək mənim üçün olduqca maraqlı təcrübə idi. Fan-klubun rəhbərlərindən olan, eyni zamanda Vuvuzela Media’da spikerlik fəaliyyətini yaxından izlədiyim Fuad Məmmədov’la tanışlıq isə bu təcrübəyə əlavə bir dəyər qatdı. Azərbaycan idman mediasında futbola yanaşması və oyuna baxışı ilə özümə ən yaxın gördüyüm insanlardan biri ilə qısa da olsa həmsöhbət olmaq, gecəni mənim üçün daha da yaddaqalan edən məqamlardan biri idi.

Matça gəldikdə isə, yazımın əvvəlində də qeyd etdiyim və əksəriyyətin də gözlədiyi üzrə, Barcelona görüşə istədiyi kimi – yüksək temp və intensiv hücumlarla başladı. Elə ilk saniyələrdəcə Lamine Yamal’la qola yaxınlaşan Katalonlar, çox keçmədən, 4-cü dəqiqədə yenə Yamal’ın fərqlənməsi nəticəsində hesabı açmağa nail oldular. Barcelona’nın ilk qolu bu qədər erkən bir dəqiqədə vurması, fikrimcə, Diego Simeone’nin başlanğıc planını müşahidə etməyimizə maneə törətdi. Şübhəsiz ki, argentinalı mütəxəssisin görüşün 0-0 davam edəcəyi dəqiqələr üçün xüsusi bir planı var idi. Biz bu planın Atletico’ya xas olan bir müdafiə oyunu, yaxud son dövrlərdə gördüyümüz daha intensiv keçid futbolu olduğunu görə bilmədik.

Qonaqların planı isə aydın görünürdü. Hansi Flick’in komandası adəti üzrə yüksək xəttdə pressinq edir, bu pressinqin daha yaxşı işləməsi üçün müdafiə xəttini irəlidə qurur, toplu oyunda isə qapanan müdafiəni yarmaq üçün Raphinha’nın yoxluğunda Yamal’ın sehrinə etibar edirdi. Diego Simeone də rəqibin hücum planında Yamal’dan asılı olmasının fərqində idi və bu asılılıq Atletico’ya sərf edirdi. Belə ki əks cinahdakı təhlükə potensialının az olması Atletico müdafiəsinin Yamal’a fokuslanmasına və onu daha çox sayla qarşılamasına gətirib çıxarırdı. Yamal’ın top qəbul etdiyi dəqiqələrdə ətrafında 4-5 qırmızı-ağ formalı oyunçu görməyimiz təsadüfi deyildi.

Birinci qırılma nöqtəsi

Erkən vurulan qolun da təsirilə, görüşün ilk 1/3-lik hissəsində Barcelona’nın təzyiqini izlədik. Bu period ərzində komanda 2-ci qolu da vuraraq, ümumi hesabı bərabərləşdirməyə nail oldu. Get-gedə artan təzyiqin dayandığı, Barcelona’nın oyun üstünlüyünün qırıldığı məqam isə Fermin Lopez’in qaçırdığı qol və epizodun davamında məruz qaldığı ağır zədə oldu deyə düşünürəm. Fermin əzmkarlıq göstərərək, yenidən meydana qayıtsa da, oyunda yaranan məcburi fasilə Atletico’nun nəfəs dərməsinə və davam edən dəqiqələrdə tempin bir qədər azalmasına səbəb oldu. İntensivliyini itirən Barcelona pressinqlərdə də uğursuz olmağa başladı və Atletico Madrid’in müdafiədən qısa paslarla çıxdığı bir hücumun sonunda hesab arasındakı fərqi azaldan, ümumi hesabda isə ev sahibini yenidən önə keçirən topu qapısında gördü.

Atletico’nun açar oyunçusu – Griezmann

Atletico’nun vurduğu qolda Antoine Griezmann’ın rolu əvəzsiz idi. Dərinə enərək aldığı ötürməni tək toxunuşla Marcos Llorente’nin önünə buraxması komandasının hücumuna sürət qazandırmış, arxada böyük boşluqlar buraxan rəqibinin geri qayıtmasını çətinləşdirmişdi. Fransız futbolçunu yalnız qolda deyil, oyunun ümumi gedişatında da Atletico’nun açar oyunçusu kimi qələmə almaq olar. Atletico Madrid’in hesab üstünlüyünü əldə etdikdən sonra müdafiəni prioritet saydığı dəqiqələrdə toplu oyunda Griezmann tempi idarə edir, onu aşağı salmağın lazım gəldiyi anlarda topu meydanın ən boş zonasındakı komanda yoldaşına ötürərək, oyunu “soyudurdu”. Nəticədə həm komandasına vaxt qazandırır, həm də topu geri qazanmaqda gecikən Barcelona’nın təzyiqini aşağı salırdı. Gənc yaşlarında hücumlarda qol silahı kimi gördüyümüz texniki profilli oyunçuların yaşları artdıqca oyun qurucuya necə çevrildiklərini və bu rolun öhdəsindən necə gəldiklərini Griezmann nümunəsi üzərindən müşahidə edə bilərik.

Ənənəvi Atletico Madrid

İkinci hissədə topdan imtina edən Atletico Madrid fürsət düşdükcə əks-hücuma atılsa da, biz onları daha çox dərin blokda 4-4-2 düzülüşü ilə müdafiə olunarkən izlədik. İlk hissədə açıq oyunda Lamine Yamal’la mübarizə aparmaqda çətinlik çəkən Matteo Ruggeri məsafələrin azalması ilə birlikdə rəqibinə keçid verməməyə başladı. Burada komandanın oyun anlayışındakı dəyişiklik qədər oyunçunun öz performansındakı yüksəliş də əhəmiyyətlidir. İtalyan futbolçunun bir neçə epizodda Yamal’ın həmləsini qabaqcadan doğru təxmin etdiyini və ani keçidlərə imkan vermədiyini gördük. Texniki profil adlandırdığımız Antoine Griezmann’ın Alexander Sorloth ilə əvəzlənməsindən sonra Atletico tamamilə qapandı və qazanılacaq toplarda geniş zonaları dəyərləndirməyi gözlədi.

İkinci qırılma nöqtəsi

Sözügedən əvəzetmədən sadəcə 3 dəqiqə sonra əldə olunan əks-hücumda norveçli hücumçu yerdə qaldı və VAR-ın müdaxiləsi nəticəsində Eric Garcia qırmızı vərəqə ilə cəzalandırıldı. İlk matçdakının klon kopyası olaraq adlandıra biləcəyimiz epizod müzakirələrə səbəb oldu. Bu barədə danışılacaq çox şey olduğunu düşünürəm və daha uyğun bir vaxtda VAR mövzusuna ayrıca bir məqalə həsr etməyi planlayıram. Yekunda 11-ə 11 oyunda qapanan müdafiəyə qarşı qapıya getməkdə çətinlik çəkən Barcelona görüşün son dəqiqələrində bir nəfər azlıqda qalaraq qol axtarmağa məcbur oldu.

Alternativ həll – Araujo

Bu dəqiqələrdə Hansi Flick’in Ronald Araujo’nu mərkəz hücumçusunun partnyoru kimi oyuna daxil etməsi çox gözəl düşünülmüş bir həmlə idi. Baş məşqçilər rəqiblərin tamamilə qapandığı və kreativliyin tükəndiyi ssenarilərdə bu kimi alternativ həll üsullarına müraciət edirlər. Əvəzetmədən sonra Barcelona qısa paslarla girişin məhdudlaşdırıldığı cərimə meydançasında uzun ötürmələrlə təhlükə yaratmağa çalışdı. Araujo’nun bu mövqedəki varlığı həm də Lewandowski üzərindəki təzyiqi azaldır, müdafiəçilərin iş yükünü bölüşməsinə səbəb olurdu. Son dəqiqələrdə bu üsulla bir neçə fürsət yaratmağa cəhd edən Katalonlar hər iki oyunçunu hava toplarıyla təmin edə bilsələr də, ümumi hesabı bərabərləşdirməyə və görüşü əlavə vaxta aparmağa nail ola bilmədilər.

Barcelona’nın müdafiə problemi

Barcelona’nın son mövsümlərdəki Çempionlar Liqası gedişatlarına baxsaq, oxşar qırmızı vərəqələrin və müdafiə zəifliyi nəticəsində buraxılan qolların şahidi olarıq. Hücumları effektiv və baxımlı olan komanda Avropada uğur üçün müdafiə problemlərini həll etməyə fokuslanmalıdır. İqtisadi baxımdan üzləşdiyi çətinliklərə rəğmən Barcelona’nın bu oyunu oynaması və buralara qədər gələ bilməsi Hansi Flick’in aktivinə yazılacaq bir uğurdur. Amma daha yüksək uğurlar üçün müəyyən əlavələrə ehtiyac var.

Onu da qeyd edək ki, Barcelona üçün problem müdafiə xəttinin öndə qurulması deyil. Texniki profillərlə bu qədər zəngin olan bir komandanın topu geri qazanması üçün ən ideal həll yolu məhz bugünkü kimi müdafiəni öndə qurmaqdan keçir. Əsl problem komandanın bu oyunun oyunçusu adlandıracağımız müdafiəçilərdən məhrum olmasıdır. Barcelona’nın arxa xəttində Jules Kounde’dən savayı keçid müdafiəçisi kimi hesab edə biləcəyimiz başqa bir oyunçusu yoxdur. Bu xəttə əlavə olunacaq doğru bir profil komandanın əldə edəcəyi nəticələri daha da yuxarı qaldıra bilər.

Atletico 3-cü dəfə finala gedə bilərmi?

Atletico Madrid isə mövsümün geriyə qalan hissəsində sadəcə Çempionlar Liqası və Kral Kubokuna fokuslanacaq. Madrid təmsilçisi həftələrdir daxili çempionatda rotasiyalı heyətlə çıxış edir və əsas gücünü məhz bu turnirlərə ayırır. La Liga’da çempionluq yarışının uzağında olan və Çempionlar Liqasına vəsiqə qazanmaq üçün ilk 4-də qalmağın kifayət etdiyi komanda üçün bu strategiya başadüşüləndir. Aydın məsələdir ki, Diego Simeone’nin əsas hədəfi komandasını 3-cü dəfə bu mötəbər turnirin finalına daşımaq və bu dəfə o kuboku başı üzərində qaldırmaqdır.

Madridlilərin yarımfinaldakı rəqibi bu gecənin oyunlarında sürpriz yaşanmadığı təqdirdə Arsenal olacaq. Hər iki komanda müdafiə gücü ilə ön plana çıxır. Oxşar profilli iki komanda arasında oynanılan matçlar adətən maraqlı keçir, bu səbəbdən ən azından taktiki baxımdan izləməyə dəyər matçların bizi gözlədiyini deyə bilərik. Fikrimcə, bu görüşlərdə oyunun gedişatını Diego Simeone’nin seçimləri təyin edəcək. Əgər Atletico Madrid qapanmağı seçərsə, biz topla oynamağa məcbur buraxılmış bir Arsenal izləyə bilərik. Heyəti müəyyən qədər eroziyaya uğrayan Atletico’nun qapalı müdafiə oyunu əvvəlki kimi inam vermir; bu səbəbdən Simeone’dən qarşılıqlı hücumlara şərait yaradan bir yanaşma da izləyə bilərik. Lakin Arsenal’ın müsbət və mənfi cəhətlərini nəzərə aldıqda bu variantın ehtimalı daha aşağı görünür. Topun Atletico’da qalıb, Arsenal’ın müdafiəyə qapanması üçün isə tək ssenari London təmsilçisinin hesab üstünlüyünü ələ almasıdır, başlanğıc planı kimi belə bir oyun izləyəcəyimizi zənn etmirəm.

Hər bir halda bu potensial cütlük haqqında danışmaq hələ ki tezdir, ən azından axşamkı qarşılaşmaları gözləmək lazımdır. 1/8 final mərhələsində Bodo-Glimt’ə “comeback” edərək, adını bu mərhələyə yazdıran Sporting’dən hər şeyi gözləmək olar. Onlar üçün işin çətin tərəfi səfərdə müdafiə gücü yüksək bir rəqibə qarşı oynamaq olacaq.

Vüsal Ələkbərov

Digər Məqalələr

Bir mundialdan daha artıq: DÇ-2010

6 İyun 2026

Bir mundialdan daha artıq: DÇ-2010

Xronoloji baxımdan 23-cü Dünya Çempionatının başlamasına azsaylı günlər qalır. Futbol ictimaiyyətinin festival atmosferinə büründüyü bu günlərdə mən də öz növbəmdə izlədiyim mundiallar haqqında fikirlərimi, xatirələrimi və hisslərimi bölüşəcəyim yazılar paylaşmaq qərarına gəldim. Bu başlıq altındakı ilk yazımda yaşım etibarilə izlədiyim ilk mundial olan 2010-cu il Dünya Çempionatından bəhs edəcəyəm. Cənubi Afrikada keçirilən turnir istər nostaljik, istərsə də məqalə ərzində qeyd edəcəyim bir çox səbəbdən ötrü mənim üçün olduqca özəldir, subyektiv baxımdan mundialların ən yaxşısıdır.

worldcupwc2010wavinflagispaniyavuvuzela
26 baxış8 dəq.
Qarabağ – 4 il sonra zirvədən uzaqda

19 Aprel 2026

Qarabağ – 4 il sonra zirvədən uzaqda

Cari mövsümdə UEFA Çempionlar Liqasında tarixi zəfərlərə imza atan Qarabağ daxili çempionatda isə 4 il sonra titulu itirməklə üz-üzədir. Ağdam təmsilçisi mövsümün əvvəlində diqqəti, təbii olaraq, Avropaya yönəltdiyi üçün liqa matçlarına rotasiyalı heyətlərlə çıxır və dərin heyət zəifliyinin nəticəsində xal itkilərinə məruz qalırdı. Fevral ayında avrokuboklarla vidalaşan komandanın növbəti çempionluq üçün daha yaxşı və daha dominant bir oyun sərgiləyəcəyini gözləsək də, gedişatdakı qrafik tam əksini göstərdi. Bu yazımızda əldə olunan uğursuz nəticələrin arxasındakı səbəbləri araşdırmağa çalışacağıq.

qarabagfkqurbanqurbanovazpfl
124 baxış5 dəq.
EPL zirvəsinə Man City prizmasından baxış

12 Aprel 2026

EPL zirvəsinə Man City prizmasından baxış

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən görüşlərdə Arsenal doğma meydanında Bournemouth’a məğlub olaraq, Manchester City’ni çempionluq üçün bir qədər də ümidləndirdi. Arteta’nın “təklif etdiyi” bu fürsəti geri çevirməyən Guardiola’nın komandası səfərdə Chelsea üzərində inamlı qələbə qazanaraq, zirvə ilə xal fərqini 6-ya endirdi. Bu yazımızda çempionluq yarışına Man City prizmasından baxaraq, Şəhərlilərin həm Chelsea ilə matçını, həm də çempionluq yolunu dəyərləndirəcəyik.

mancitypepguardiolapremierleaguechelsea
99 baxış4 dəq.

Cruyffism ideologiyasının bir parçası ol

Son məqalələrdən e-poçt vasitəsilə xəbərdar olun.

Məxfiliyinizi qoruyuruq. İstədiyiniz zaman abunəliyi ləğv edə bilərsiniz.