qarabagfkqurbanqurbanovkadyborges

Qarabağ’ın 12-ci çempionluğu

19 May 20257 dəq.162 baxış
Qarabağ’ın 12-ci çempionluğu
Qarabağ üst-üstə 4-cü, ümumilikdə isə 12-ci çempionluğunu doğma azarkeşləri önündə təntənəli şəkildə qeyd etdi. Yerli elitadakı hegemon güc və rəqabətsizliyin adiləşdirdiyi çempionluqlar bizi komandanın Avropa macərası haqqında danışmağa vadar edir. Tarixə iz düşülən möhtəşəm avrokubok nəticələrinin ardından son mövsümdəki uğursuzluqların təhlilinə və yeni mövsümlə bağlı planlara birgə baxaq.

Ağdam klubu bu mövsüm də liqada çətinlik çəkmədən, sona 4 tur qala çempionluğunu elan etməyə nail oldu. Bu dəfə nə Neftçi medallar uğrunda yarışa bildi, nə də son illərin parıldayan Sabah’ı. Belə olan halda komanda mövsüm ərzində daha çox Araz NaxçıvanZirə klubları ilə “yarışdı”. Bunu dırnaq içində deyirik, çünki komandalar arasında ciddi bir rəqabət olmadı; yarış sadəcə turnir cədvəlində özünü əks etdirmişdi. Hər bir halda çempionluğun mart, aprel aylarında rəsmiləşdirildiyi bir liqada rəqabətdən bəhs edə bilmərik. Elə isə üzümüzü Qarabağın da üz tutduğu istiqamətə çevirək – Avropaya.

Qarabağ artıq 11 mövsümdür ki daimi şəkildə avrokubokların qrup mərhələsində iştirak edir. Bu uğur komandaya həm maddi baxımdan böyük bir gəlir gətirir, həm də meydanda qarşılaşılan müxtəlifsəviyyəli rəqiblər komandanın təcrübəsinə təcrübə qatır. 2021-22-ci illər mövsümündə Konfrans Liqası qrupundan çıxaraq, ilk dəfə qrupdan çıxma* uğuruna imza atan komanda növbəti mövsümdə tarix yazaraq UEFA Avropa Liqasında adını son 16 komandanın siyahısına yazdırmışdı. Bayer Leverkusen’ə möcüzəvi şəkildə məğlub olan Ağdam təmsilçisinin bu mövsümə olan statistikaları isə məyusedici oldu.

Belə ki Köhlən Atlar UEFA-nın yeni formatında liqa fazasının yekununda turnir cədvəlinin son sırasında yer aldı. Əvvəla, qeyd etmək lazımdır ki, komanda cədvəldəki yeri qədər pis oynamamışdı. Qarabağ bir çox matçın gedişatında güclü oyun nümayiş etdirən, nəticəni isə müəyyən qırılma nöqtələri hesabına əldən verən tərəf olmuşdu. Nəticələrlə əlaqədar bir neçə səbəbdən bəhs edə bilərik.

Birinci növbədə əvvəlki mövsümdə əldə edilən uğurlardan sonra tamaşaçı və azarkeşlər kimi heyətin də gözləntisinin Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu, buna nail olmamağın komandanı həvəsdən saldığını qeyd edə bilərik. Mövsümə böyük ümidlərlə başlayıb, elə mövsümün ilk aylarındaca xəyal qırıqlığı yaşamağın öhdəsindən gəlmək asan deyil. Bununla yanaşı, komandanın Avropa Liqasında çıxdığı son nöqtə zirvə kimi göründüyündən, yenidən eyni turnirdəki oyunlara eyni iştah hissi ilə yanaşmaq mümkün görünmürdü.

Uğursuzluqla əlaqədar 2-ci səbəb isə, mənə görə, rəqiblərin Qarabağ’ı daha yaxşı analiz etməsitanıması ilə əlaqədardır. Bəli, artıq Avropa klubları Qarabağ’la oynamazdan əvvəl komandanı analiz edirlər, oyun anlayışını araşdırırlar və buna görə planlar qurub, meydana çıxırlar. Bu özlüyündə qürur duyulası bir məqamdır, şübhəsiz; çünki bir Azərbaycan klubu Avropa miqyasında ciddiyə alınır.

Bəs komandanın bu qədər ciddiyə alındığını necə başa düşürük? Rəqiblərin keçid hücumlarına hazırlıqlı olub, topu Qarabağa verməsindən. Qurban Qurbanovun komandası ilk illər “Qafqazın Barselonası” kimi adlandırılırdı və buna səbəb komandanın topa sahib olma əsaslı qısa pas futbolu idi. Müəyyən bir dövr ərzində Qarabağ oyunu bu şəkildə ələ aldı və toplu oyun fazasını ən güclü silahına çevirdi. Zaman keçdikcə, heyət dəyişdikcə Qurban Qurbanovun yanaşmaları da dəyişdi və biz son illərdə Qarabağ'ın bir keçid hücumu komandasına çevrildiyini müşahidə etdik. Əlbəttə, Qurbanovun komandası digər oyundakı gücünü tamamilə itirmədi; sadəcə olaraq, onların oyuna baxışındakı prioritetləri dəyişdi. Yekunda Olavio Juninho’nun öndərliyində Qarabağ Avropadakı rəqiblərini keçidlərlə “vurdu” və Azərbaycan tarixində görülməmiş bir pilləyə yüksəldi.

Bu mövsümdəki avrokubok matçlarında isə rəqiblərin sözügedən keçid hücumlarına hazırlıqlı olduğunu, topu əksər hallarda Qarabağ’a verib, komandanı set hücumu qurmağa məcbur etdiyini gördük. Bu isə öz növbəsində ağdamlıları ən güclü silahlarından məhrum buraxdı, eləcə də Juninho’ya daha az məsafə və boş zona verilməsi ilə birlikdə braziliyalı forvardın məhsuldarlığı da azaldı.

Bütün bu qarşı planlara rəğmən Qarabağ köhnə günlərdəki kimi set hücumu ilə cəhdlərini davam etdirdi. Lakin heyətin yaşlaşması, Zoubir kimi toplu oyun fazasında kritik iş düşən oyunçulardan birinin cəldliyini itirməsi, komandanın qol yollarında alternativsiz qalması işləri daha da çətinləşdirdi. Beləliklə, biz oyunların böyük hissəsini rəqib qapısı qarşısında oynamasına rəğmən təhlükə yaratmaqda, yaratdığı təhlükələrdə isə qol vurmaqda çətinlik çəkən bir Qarabağ izlədik.

Bəs yeni mövsümdə bizləri nələr gözləməlidir?

Qurban Qurbanovun rəhbərliyi erasında komanda bir neçə dəfə “dəri dəyişdirib” və heyətini yeniləyib. İndi də heyətin orta yaş nisbətinin yüksək olduğunu nəzərə alsaq, Qarabağ’ın növbəti keçid dövründə olduğunu deyə bilərik. Burada müsbət məqam ondadır ki, Qarabağ rəhbərliyi və ya texniki heyəti bu çətin günlərdə kəskin dəyişikliklər etmək əvəzinə yeni heyət planlamasını zamana yayaraq icra etməyi və dəyişiklikləri tədricən reallaşdırmağı seçir. Bu daha az riskli və əksər hallarda daha çox uğur gətirən variantdır; Qarabağ’ın öz keçmişində müşahidə etdiyimiz kimi.

Kady Borges’in rolu

Mən qış transfer pəncərəsində geri qayıtdıqdan sonra komandanın oyunundakı problemləri böyük ölçüdə həll edən Kady’nin Qarabağ’ın yeni mövsümündəki rolunu olduqca əhəmiyyətli hesab edirəm. Kady Borges həm oyun üslubu, həm də fərdi istedadları etibarilə komandanın bir neçə ehtiyacını tək başına qarşılayan bir oyunçudur. Juninho’nun ayrılığından sonra qol yükündəki məsuliyyət də rahatlıqla ona etibar oluna bilər. Kady’nin oyunçu profili komanda üçün həm set hücumunu, həm də keçid hücumlarını oynamağa şərait yaradır. Xüsusən set hücumunda kilid açan qol və assistləri ilə, uzaqdan zərbə kimi təhdidləri ilə əvəzsiz bir oyunçudur. Keçid hücumlarında isə onun fiziki yox, əqli sürətindən faydalanmaq vacibdir. Düşünmə qabiliyyətində cəld olan, top ayağına çatmadan növbəti həmləsinə qərar verən futbolçular hər bir halda əhəmiyyət kəsb etmələri ilə yanaşı, keçid hücumlarına fokuslanan komandalar üçün mütləq ehtiyaca çevrilirlər.

Transfer pəncərəsində heyətin nə dərəcədə dəyişəcəyi maraqlıdır. Çox transfer etməyən, etdiyi transferlərdən isə adətən zaman içərisində faydalanmağa başlayan Qarabağ’da yeni mövsümə dair gözləntilərin kilid nöqtəsi transfer əməliyyatlarına yanaşma tərzi olacaq.

Üfüqdəki kubok finalı

Biz yeni mövsümdən danışsaq da, Qarabağ üçün cari mövsüm hələ bitməyib. Ağdam təmsilçisi Qızıl Dubl üçün 31 May tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sabah ilə qarşılaşacaq. Çempionluğun elan edildiyi matçda Masazırda əldə edilən heç-heçədən sonra hər iki komandanın bu matça daha ciddi yanaşması gözlənilir. Ölkə kubokunun finalında titulun gözəlliyinə yaraşacaq bir qarşıdurma izləmək diləyilə.

* Komanda rəsmi şəkildə sözügedən mövsümdə bu uğura nail olmuş olsa da, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı ilk mövsümdəcə bu uğura yiyələnməli idi. 11 dekabr 2014-cü il tarixində Qarabağ’ın önünün necə kəsildiyini və məruz qaldığı haqsızlığı, əlbəttə ki, unutmamışıq.

Vüsal Ələkbərov

Digər Məqalələr

Bir mundialdan daha artıq: DÇ-2010

6 İyun 2026

Bir mundialdan daha artıq: DÇ-2010

Xronoloji baxımdan 23-cü Dünya Çempionatının başlamasına azsaylı günlər qalır. Futbol ictimaiyyətinin festival atmosferinə büründüyü bu günlərdə mən də öz növbəmdə izlədiyim mundiallar haqqında fikirlərimi, xatirələrimi və hisslərimi bölüşəcəyim yazılar paylaşmaq qərarına gəldim. Bu başlıq altındakı ilk yazımda yaşım etibarilə izlədiyim ilk mundial olan 2010-cu il Dünya Çempionatından bəhs edəcəyəm. Cənubi Afrikada keçirilən turnir istər nostaljik, istərsə də məqalə ərzində qeyd edəcəyim bir çox səbəbdən ötrü mənim üçün olduqca özəldir, subyektiv baxımdan mundialların ən yaxşısıdır.

worldcupwc2010wavinflagispaniyavuvuzela
25 baxış8 dəq.
Qarabağ – 4 il sonra zirvədən uzaqda

19 Aprel 2026

Qarabağ – 4 il sonra zirvədən uzaqda

Cari mövsümdə UEFA Çempionlar Liqasında tarixi zəfərlərə imza atan Qarabağ daxili çempionatda isə 4 il sonra titulu itirməklə üz-üzədir. Ağdam təmsilçisi mövsümün əvvəlində diqqəti, təbii olaraq, Avropaya yönəltdiyi üçün liqa matçlarına rotasiyalı heyətlərlə çıxır və dərin heyət zəifliyinin nəticəsində xal itkilərinə məruz qalırdı. Fevral ayında avrokuboklarla vidalaşan komandanın növbəti çempionluq üçün daha yaxşı və daha dominant bir oyun sərgiləyəcəyini gözləsək də, gedişatdakı qrafik tam əksini göstərdi. Bu yazımızda əldə olunan uğursuz nəticələrin arxasındakı səbəbləri araşdırmağa çalışacağıq.

qarabagfkqurbanqurbanovazpfl
123 baxış5 dəq.
Remontada olmadı, Atletico son dördlükdə

15 Aprel 2026

Remontada olmadı, Atletico son dördlükdə

Turun ilk matçında azlıqda qalaraq, doğma meydanında Atletico Madrid’ə 2-0 hesabı ilə məğlub olan Barcelona cavab oyununa “Remontada”, yəni geridönüş inancı ilə yollanmışdı. Metropolitano'da gecəyə tam da istədiyi kimi başlayan Katalonlar yenə oxşar bir ssenari nəticəsində bu mövsümlük Çempionlar Liqası mübarizəsini dayandırmış oldu. Digər tərəfdə isə Diego Simeone’nin komandası yarımfinala yüksələrək, adını son 4 komandanın arasına yazdırdı.

atleticomadridbarcelonaantoinegriezmannlamineyamalucl
94 baxış6 dəq.

Cruyffism ideologiyasının bir parçası ol

Son məqalələrdən e-poçt vasitəsilə xəbərdar olun.

Məxfiliyinizi qoruyuruq. İstədiyiniz zaman abunəliyi ləğv edə bilərsiniz.