İzləmək üçün bu görüşü seçməyimin ən əsas səbəbi Luis Enrique’nin komandasının mövsümün sonlarına doğru pik performansına qalxması, oyunçuların və oynanılan oyunun məhz həlledici dönəmdə öz zirvəsinə yüksəlməsidir. Belə ki ötən mövsüm liqa mərhələsindən birbaşa yüksəlməyə nail olmayan Parislilər yekunda tarixi bir finalı geridə qoyaraq, qitənin ən nüfuzlu titulunu başları üzərində qaldırmışdı. Cari mövsümdə də oxşar nəticələrlə liqa fazasını ilk 8-dən kənarda – 11-ci sırada tamamlayan komanda aprel-may ayları yaxınlaşdıqca, fiziki bir terminlə desək, təcilini artırır və mövsümün sonuncu rüblüyündə ən yaxşı formada mübarizə aparmağa çalışır.
Bütün bunlar təsadüfi deyil, bir planlanmanın nəticəsidir. Avropa futbolunun zirvəsinə çatmağı hədəfləyən hər bir komanda ən yaxşı oyununu mövsümün əvvəlində deyil, daha həlledici olan dönəmində, yəni mövsümün sonlarında oynamaq niyyətindədir. PSG-nin son iki mövsümdə liqa fazasında elə də fantastik nəticələr əldə etməyib, sonlara doğru titul üçün iddialı vəziyyətə gəlməsi bununla bağlı ən ideal nümunədir. Əlbəttə ki, Fransa təmsilçisi üçün bu planlamanı uğurla icra etmək şərait baxımından digər rəqiblərinə nəzərən daha rahatdır. Misal üçün deyə bilərik ki, rəqabətin və təzyiqin ən yuxarı səviyyədə olduğu İngiltərə Premyer Liqasında klublar mövsümün hər anında müəyyən bir standartı sərgiləmək məcburiyyətindədirlər; əks təqdirdə hər an yarışdan qopa bilərlər. Bu baxımdan Luis Enrique’ni şanslı hesab etmək olar, nəticədə onun komandası daxili çempionatda elə də güclü bir rəqabətə məruz qalmadan irəliləməyi bacarır. Lakin istənilən halda bu planın ardıcıl 2 mövsüm uğurla həyata keçirilməsi bir məşqçi işidir və alqışa layiqdir.
Dominant 3-2-5 hücumları
Keçək Parc des Princes’dəki görüşə. Zədəli oyunçular Fabian Ruiz və Bradley Barcola’nı nəzərə almasaq, Luis Enrique’nin matça əlindəki ən ideal heyətlə başladığını qeyd edə bilərik. Başlanğıcda topa sahib olma komandaları üçün ənənəyə çevrilən 4-3-3 düzülüşü ilə meydana yayılan komanda ilk dəqiqələrdə topla dominant oynayaraq, set hücumundakı strukturunu aydın şəkildə göstərirdi. 3-2-5 ilə Liverpool qapısına hücum etməyə çalışan PSG-də müdafiə xəttinin üçüncü oyunçusu dinamik bir formada dəyişiklik göstərirdi. Biz o mövqedə adətən Vitinha’nı görsək də, portuqal yarımmüdafiəçinin çox hərəkətli oyunu nəticəsində zaman-zaman Nuno Mendes və Joao Neves’in də o xəttin bir parçasına çevrildiyinin şahidi olurduq. Komandanın sağ cinah müdafiəçisi olan Achraf Hakimi isə heç bir halda toplu oyunda müdafiə xəttində iştirak etmir, hücumun sağ cinahında yer alırdı.
Cinahlara əks cinahdan yüklənmə
Müasir futbolda set hücumunda yerdəyişmələrin mahiyyəti böyükdür. Topsuz oyunçuların hərəkətliliyi hesabına rəqib komandalar müdafiə olunmaqda çətinlik çəkir və boş zonalar buraxırlar. PSG isə bu mövsüm mənim izlədiyim ən hərəkətli komandalardan biridir. Bayern München’dən bəhs edərkən qeyd etdiyimiz kimi, burada da cinah və yarımcinah oyunçuları arasında tez-tez yerdəyişmələr müşahidə olunurdu.
Daha da maraqlısı isə, oyunun qurulduğu cinaha əks cinah hücumçusunun dəstək verməsiylə ortaya çıxan “overload”, yəni yüklənmələr idi. Nümunə kimi, əgər hücum sol cinahdan qurulursa, həmin cinahda biz o bölgənin oyunçuları olan Kvaratskhelia və Nuno Mendes’lə yanaşı əks cinahdan qoşulan Desire Doue’ni də görürdük. Oyunun bir tərəfində yüklənmə yaratmağın məqsədi hücumun gedişatına və rəqibin reaksiyasına əsasən oradakı say üstünlüyündən faydalanmaq, yaxud əks cinahdakı boşluqlardan yararlanmaqdır.
Bu yüklənmənin belə rahatlıqla təmin olunmasında komandanın saxta 9-u Ousmane Dembele’nin rolu danılmazdır. Son Ballon d’Or qalibi matç ərzində əlinə düşən imkanlardan yararlana bilməsə də, cinah yüklənmələri zamanı topsuz zonaya çevrilən əks cinaha keçidləri rəqib müdafiə balansının pozulmasına və hücumun hər iki cinahdan da davam edə bilməsinə şərait yaradırdı.
Sərbəst oyun qurucu – Vitinha
Məqalənin başlığına müvafiq olaraq, Luis Enrique’nin total dominasiyasında rolu danılmaz olan bir digər oyunçu Vitinha’dır. Oyun anlayışının təməlində qısa paslı futbol olan komandalarda 6 nömrə mövqeyində, yaxud yarımmüdafiə xəttinin mərkəzində çıxış edən oyunçunun yeri əvəzolunmaz olur. Bu oyunçular mexanizmin ən əhəmiyyətli parçası, komandanın bel sütunu olurlar. Luis Enrique’nin kollektivində isə Vitinha bu məsuliyyəti üzərində daşıyan oyunçudur və dünənki oyunla birlikdə də qənaətə gəlmək olar ki, o, sözügedən məsuliyyətin öhdəliyindən layiqincə gəlir.
Vitinha’nı öz mövqeyindəki digər oyunçulara oxşatmaq çətindir, o, xüsusən də dinamizmi ilə hər kəsdən fərqlənir. Məsələn, tarixdə bu mövqenin ən yaddaqalan siması olan Sergio Busquets pressinqi qırması, pasları və topa nəzarəti ilə seçilirdi; lakin Vitinha qədər hərəkətli bir oyun anlayışına sahib deyildi. Vitinha həmkarlarından fərqli olaraq, pressinqi sadəcə pasla və ya istiqamət dəyişdirən bədən hərəkətləri ilə deyil, həmçinin, driblinqlə qırmağı bacarır. Portuqal yarımmüdafiəçini fərqləndirən bir digər xüsusiyyəti isə mövqeyində sabit qalmaması, topun olduğu yerə yaxın oynaması, hər daim hücumda özünə pas qəbul edə biləcəyi mövqelər seçməsidir.
Futbol azarkeşlərinin çox sevdiyi Football Manager oyununda Vitinha kimi oyunçuların oynadığı rola “Roaming Playmaker”, yəni sərbəst oyun qurucu adı verilir. Bu rolun oyunçuları digər oyun quruculardan fərqli olaraq, mövqelərində statik şəkildə qalmırlar və daim hərəkətli oyunları ilə seçilirlər. Futbolda da, sözügedən oyunda da hər seçimin müəyyən riski olur və məşqçinin işi bu riskləri sığortalamaqla əlaqədardır. Sərbəst oyun qurucu istifadə etməyin riski isə oyunçu başlanğıc mövqeyini tərk etdikdən sonra yaranacaq boşluqlardır. Luis Enrique’nin komandasında toplu oyun zamanı bu riskləri 3-2-5’in üçüncü oyunçusu sığortalayır. Məhz bu səbəbdən, biz komandanın set hücumu düzülüşündən bəhs edərkən o mövqedə 3 fərqli ad sadalamışdıq. Vitinha’nın irəli çıxdığı anlarda onun yaratdığı boşluğu Joao Neves və ya Nuno Mendes sığortalayırdı.
Luis Enrique’nin yaratdığı sintezlər
Luis Enrique’ni digər sistem məşqçilərindən fərqləndirən ən vacib məqamlardan biri bütün oyunçuları öz qatı sisteminə adaptasiya etmək əvəzinə, həm də oyunçuların müsbət və mənfilərini nəzərə alıb, onlardan ən yaxşı şəkildə faydalanmağa çalışaraq, ortaya bir sintez çıxarmasıdır, Vitinha nümunəsində olduğu kimi. Ona görə də Luis Enrique’nin çalışdırdığı komandalar həm bir-birilərinə oxşayır, həm də fərqlilikləri ilə seçilirlər. Pandemiya səbəbilə 2020-ci ildən 2021-ci ilə ertələnən Avropa Çempionatındakı İspaniya milisini, eləcə də 2014-2015 illər mövsümündə “treble” ilə yadda qalan Barcelona’nı xatırlayın. Bugünkü komanda ilə müqayisədə oxşarlıqlar da, fərqliliklər də çoxdur. Enrique’nin individuallar üzərində etdiyi çalışmalar və yaratdığı sintezlər onun komandalarını qüsursuz və bənzərsiz olaraq görməyimizin arxasında yatan səbəbdir.
Liverpool və Slot üçün son addımlar
Görüş ərzində yalnız 26 % nisbətində topa sahib olan və qapıya dəqiq zərbəsi olmayan Liverpool’un Paris Saint-Germain qarşısında aciz qaldığını ifadə edə bilərik. Komandanın oyuna yanaşma tərzinə baxdıqda səfərdən sərfəli bir nəticə ilə ayrılıb, Anfield’a ümidlə qayıtmağı hədəflədiklərini müşahidə etmək mümkün idi. Arne Slot’un tələbələrinin xüsusən standart vəziyyətlərə fokuslandığını, lakin azsaylı hücumlar nəticəsində yetərincə şans əldə etmədiklərini vurğulamaq olar. Arne Slot’un seçimlərinə dair ən diqqət çəkən nüans isə 4 əvəzetmə birdən etsə belə, komandanın ulduzu və əsas qol ümidi olan Mohamed Salah’a dəqiqə belə verməməsi idi. FA Cup matçından sonra yazdığım yazıda da Salah’ın performansının hədsiz dərəcədə aşağıda olmasından bəhs etmişdim və bu qərarı da oyunçunun Etihad’da göstərdikləri ilə əlaqələndirirəm. Lakin yenə də Liverpool adına pozitiv heç bir şeyin qeydə alınmadığı bir matçda misirli oyunçuya şans tanımaq olardı deyə düşünürəm.
Parislilərin doğma meydanda 2-0 hesablı qələbəsi onları səfərə inamla yollayacaq. Liverpool isə ecazkar Anfield Road’da növbəti bir tarixi geridönüş ümidi ilə meydana çıxacaq. Oyunda gördüklərimizdən sonra buna dair ümid aşağı da olsa, futbol möcüzələri, möcüzələr isə Anfield’ı sevir. Mən isə hər bir halda mövsüm sonunda Arne Slot’la yolların ayrılmalı olduğunu və Liverpool əfsanəsi də hesab olunan Xabi Alonso’nun komandanın sükanı arxasına gətirilməli olduğunu düşünürəm. Slot rəhbərliyi altında ümidləri doğrultmayan Florian Wirtz’in köhnə müəllimi ilə birlikdə yeni sistemin mərkəzinə çevriləcəyini hesab edirəm. Ən əhəmiyyətli məsələ isə Alonso’nun sistem məşqçisi olması və gedəcəyi komandada yeni bir sistem inşa etmək üçün vaxta ehtiyac duymasıdır. Real Madrid’dən fərqli olaraq, Liverpool’un Xabi’yə bu zamanı tanıyacağına əminəm və bu səbəbdən, bu təyinatı səbirsizliklə gözləyirəm.
Vüsal Ələkbərov



